AĞBULAQ XİZƏK MƏRKƏZİ HAQQINDA

Şahbuz rayonunun Ağbulaq kəndi geniş turizm potensialına malikdir. Əlverişli təbii-coğrafi şərait burada turizmin bir çox növünün inkişafına imkan verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülüb və davam etməkdədir.
Ağbulaq kəndində Xizək Mərkəzinin təməlatma tədbiri 2018-ci il iyulun 17-də baş tutub.
Mərkəzdə ümumi uzunluğu 1500, eni isə 30 metr olan dağ-xizək enişi, kanat yolu, xizəksürmə məktəbi, əyləncə və uşaq parkları yaradılıb, süni qaryaratma sistemləri qurulub.
Mərkəzin əsas infrastrukturu kanat yoludur. Uzunluğu 952 metr olan kanatın başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metrdir. Kanat yolunda hər biri 4 yerlik olmaqla 58 oturacaq quraşdırılıb ki, bu da saatda 1000-dən artıq insana xidmət etməyə imkan verir. Həmçinin 20 min kubmetr tutumu olan süni göl də gözəl mənzərəsi ilə turistləri özünə cəlb edir.
Əyləncə və uşaq parklarında, eləcə də başlanğıc sahədə 231 metrlik konveyr xətləri yaradılıb. Mərkəzin lazım olan qar örtüyünü təmin etmək üçün 26 sabit və 2 hərəkətli süni qaryaratma sistemi qurulub. Həmçinin ərazidə turistlərin istirahəti üçün də şərait yaradılıb, xidmət sahələri istifadəyə verilib.
Tikinti işləri 35 ildir dünyanın bir çox ölkəsində dağ-xizək mərkəzlərinin yaradılması layihəsini həyata keçirən Fransanın “MND” şirkətinin layihəsi əsasında həyata keçirilib.
Ali Məclis Sədrinin tapşırığı ilə tikinti işləri aparılarkən keyfiyyət amilinin əsas götürülməsi və mühəndis-texniki tələblərə əməl edilməsi, təbiətə ziyan vurulmaması və yaşıllıqların qorunması kimi nüanslara xüsusi diqqət yetirilib.